cümə axşamı 12 noyabr 2026 - 18:34
Ekspertlər Məclisi ölkənin müdafiə doktrinasına yenidən baxılmasını və ləyaqətli diplomatiyanın həyata keçirilməsini vurğulayıb

Hövzə l Ekspertlər Məclisi bəyanat yayaraq, İran İslam Respublikası xalqının meydanlarda iştirakına və ümumxalq birliyin qorunmasına görə təşəkkürünü bildirib, ölkənin mühüm məsələlərinə, o cümlədən mədəniyyət sahəsindəki problemlərə və əhalinin güzəranına diqqət yetirilməsinin, müdafiə doktrinasına yenidən baxılmasının və ləyaqətli diplomatiyanın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Hövzə Xəbər Agentliyinin Tehran şəhəri üzrə müxbirinin verdiyi məlumata görə, Ekspertlər Məclisi bəyanat yayaraq, İran İslam Respublikasının xalqının səkkiz ay ərzində meydanlarda və küçələrdə nümayiş etdirdiyi dəyərli iştirakına və ümumxalq birliyin qorunmasına görə təşəkkürünü bildirib. Bəyanatda ölkənin cari gündəmində duran mühüm məsələlərə, o cümlədən mədəniyyət sahəsindəki məsələlərə, xüsusilə iffət və hicab məsələsinə, iqtisadi vəziyyətə və əhalinin güzəranına, NPT-dən çıxmaqla bağlı ümumxalq tələbinə, ölkənin müdafiə doktrinasına yenidən baxılmasına, eləcə də müqavimətin döyüş meydanında davam etdirilməsinə və ləyaqətli diplomatiyanın zəruri prinsip kimi qorunmasına xüsusi diqqət çəkilib. Həmçinin regionun bəzi ölkələrinin məhkəmələri tərəfindən alimlərə qarşı çıxarılan ədalətsiz hökmlər pislənilib.

Bəyanatın tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə

وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Bu ayə müsəlmanların Ühüd döyüşündəki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini bildirir.)

Ali İmran surəsi, 139-cu ayə

Əziz və mübariz İran xalqı!

Allahın salam və rəhməti sizin üzərinizə olsun!

İslam İnqilabının banisi İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin eləcə də İslam İnqilabının və İslam müqavimətinin şəhidlərinin pak ruhlarına salam və ehtiramımızı bildirir, İnqilabın Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onu qorusun) şərəf və izzətlə dolu uzun ömür, döyüşçülərimizin və qəhrəman Silahlı Qüvvələrimizin isə qəti qələbəsini arzulayırıq.

Xalqımızın səkkiz ay ərzində meydanlarda və küçələrdə nümayiş etdirdiyi ayıq-sayıq və düşmənin hesablarını alt-üst edən iştirakından, fədakar Silahlı Qüvvələrimizin döyüş meydanında göstərdiyi heyrətamiz müqavimətdən sonra nəzərinizə çatdırmaq istədiyimiz bir neçə məqamı təqdim edirik:

1. Həzrət Zəhranın (ə) hüzünlü şəhadəti münasibətilə başda həzrət İmam Zaman (ə.f) və Əhli-beytin (ə) məhəbbətini qəlbində daşıyan şərəfli xalqımıza başsağlığı veririk. Bu münasibətlə layiqli matəm mərasimlərinin keçirilməsi ilə yanaşı, İslam Peyğəmbərinin (s) gözünün nuru olan həmin böyük xanımın məqamına ehtiram əlaməti olaraq, nümayişlərdə iştirakın və birliyin daha əzəmətli və mütəşəkkil şəkildə davam etdirilməsi zəruridir. Hörmətli ruhanilər, xüsusilə təbliğatçılar və möhtərəm xətiblər həmin böyük xanımı özlərinə örnək götürərək, izah və aydınlaşdırma cihadı, eləcə də aydın və təsirli təbliğat vasitəsilə xalqımızı onun vilayəti müdafiə etmək, zülmlə mübarizə aparmaq və dünyanın məzlumlarını müdafiə etmək istiqamətindəki həyat yolu ilə daha yaxından tanış etməlidirlər.

2. Şübhəsiz ki, İran İslam Respublikasının əldə etdiyi mühüm qələbələr, təcavüzkar düşmənlərin uğursuzluğa düçar olması və hegemon ABŞ-ın məğlubedilməzliyi haqqında formalaşdırılmış əfsanəyə son qoyulması hər şeydən əvvəl sizin, bu böyük missiyanı üzərinə götürmüş xalqımızın meydanlarda iştirakı, müqaviməti və fədakarlığı, eləcə də başıuca İran bayrağı və müdrik, cəsur Rəhbərimizin göstərişləri ətrafında nümayiş etdirdiyiniz həmrəylik və birlik sayəsində mümkün olmuşdur. Necə ki, əziz Rəhbərimiz buyurmuşdur: Haqq cəbhəsi təvəkkül, dözüm və fədakarlıq nümayiş etdirdiyi zaman batil cəbhəsi malik olduğu bütün güc və imkanlara baxmayaraq, onun qarşısında tab gətirə bilməz.

3. Xalq milli qüdrətin əsas dayağı hesab olunduğuna görə, ona xidmət göstərilməsi və problemlərinin, xüsusilə iqtisadi və məişətlə bağlı çətinliklərinin aradan qaldırılması istiqamətində çalışmaq xidmət göstərən məsul şəxslərin ən mühüm vəzifəsidir. Düşmən ölkənin müqavimət gücünü sarsıtmaq üçün iqtisadi müharibəyə bel bağlayıb. Ölkəni hava və quru yolu ilə mühasirəyə almaq, iqtisadi damarlarına zərbə vurmaq istiqamətindəki ümidsiz cəhdlər də bu strategiyanın bir hissəsidir. Allaha şükürlər olsun ki, möhtərəm məsul şəxslərin fasiləsiz səyləri nəticəsində düşmənlərin bu istiqamətdəki cəhdləri də indiyədək uğursuzluqla nəticələnib.

Belə bir şəraitdə müxtəlif hakimiyyət qollarının iştirakı və Rəhbərlik Aparatının ali nəzarəti altında Müharibə İqtisadiyyatı Qərargahının yaradılması ölkənin müdafiə xəttinin daha da möhkəmləndirilməsinə və bu mühüm sahədə müharibə şəraitinə uyğun fəaliyyət modelinin formalaşdırılmasına daha böyük töhfə verə bilər.

4. Təcavüzkar düşmənin dəfələrlə səsləndirdiyi təhdidlər, xüsusilə ölkəmizin nüvə elminə qarşı yönələn təhdidlər göstərir ki, bu sahədə məsul beynəlxalq qurumlara ümid bəsləmək mümkün deyil. Buna görə də NPT-dən çıxmaq məsələsinin araşdırılması, ölkənin müdafiə doktrinasına yenidən baxılması və zəruri çəkindirici qüdrətin yaradılması qaçılmaz zərurətə çevrilib və ümumxalq, milli tələb kimi gündəmə gəlib. Ümid edirik ki, möhtərəm məsul şəxslər əziz Rəhbərimizin müdrik rəhbərliyindən bəhrələnərək bu tələbə diqqət yetirəcəklər.

5. Uğursuzluğa düçar olmuş düşmənlər yenidən öz qara talelərini sınamaq qərarına gəlsələr və başqa bir hücuma başlasalar, İnqilabın müdrik və əziz Rəhbərinin buyurduğu kimi, qəhrəman qüvvələrimiz tərəfindən, şübhəsiz ki, dərhal, təsirli və coğrafi məhdudiyyət tanımayan cavabla qarşılaşacaqlar.

Ölkənin xarici siyasət aparatı da məhz bu istiqamətdə addımlamalı, ölkənin müqavimət və mətanət mövqeyinin ifadəçisi olmalı, İran İslam Respublikasının aydın və qətiyyətli mesajını hamıya, xüsusilə qonşu ölkələrə çatdırmalıdır.

6. İslam İnqilabının Ali Məqamlı Rəhbərinin dəyərli bəyanatına əsasən, bildirib ki, əgər kimsə ABŞ-yə güzəştə getməklə onu İran xalqına qarşı düşmənçilikdən çəkindirməyin mümkün olduğunu düşünürsə, ciddi yanılır. Həmçinin bildirib ki, hegemon düşmən qarşısında ən kiçik təslimçilik meyli belə şəhidlərin qanı və xalqın bütün təbəqələrinin fədakarlığı sayəsində əldə edilmiş böyük sərvəti məhv edəcək, hegemon düşməni isə daha çox iddialar irəli sürməyə, növbəti müharibələrə başlamağa və yeni təcavüzlərə əl atmağa daha da cəsarətləndirəcək.

Bu baxımdan, xidmət göstərən məsul şəxslərdən gözlənilir ki, qəhrəman Silahlı Qüvvələrimiz və mömin, fədakar xalqımızla birlikdə İran xalqının tələblərinin və hüquqlarının müdafiəsi istiqamətində bir addım belə geri çəkilməsinlər. Onlar əmin olmalıdırlar ki, bu yolda mücahid xalqın dəstəyinə və ilahi inayətə sahib olacaqlar.

7. Yəmənin cəsur mücahidlərinin əldə etdiyi mühüm qələbələr, Livanın əziz döyüşçülərinin heyrətamiz müqaviməti və müqavimət cəbhəsinin digər üzvlərinin onlarla həmrəyliyi müxtəlif cəbhələrin birliyi strategiyasının səmərəli və təsirli strategiya olduğunu göstərdi. Müqavimət cəbhəsindəki əziz silahdaşlarımıza davamlı dəstək göstərilməsi heç bir halda unudulmamalı və diqqətdən kənarda qalmamalı olan mühüm prioritetlərdən biri olmalıdır.

8. Düşmənin mədəni hücumu, xüsusilə iffət və hicab sahəsində sosial normalardan kənar halların təbliği və genişləndirilməsi düşmənlərin İslam cəmiyyətini daxildən parçalamağa yönəlmiş məkrli planının göstəricisidir. Bu, müqəddəs ölkəmizin mədəni sağlamlığının, saf və mənəvi mühitinin daha böyük səylə qorunmasının zəruriliyini bir daha xatırladır.

Şəhidlər vermiş müsəlman xalqımızın gözləntisi budur ki, bu torpağın ərazisi minlərlə şəhidin pak qanı ilə qorunduğu kimi, onun mədəni mühiti də bədxah düşmənlərin hücumlarından müdafiə olunmalıdır. Bir daha məsul qurumlardan xahiş edirik ki, rəşadətli xalqımızın bu tələbinə əvvəlkindən daha artıq diqqət yetirsin və öz ilahi və qanuni vəzifələrini yerinə yetirsinlər.

9. Avropa ölkələrinin böhranlı vəziyyəti, bu günlərdə həmin ölkələrin küçələrində müşahidə olunan genişmiqyaslı etirazlar, eləcə də ABŞ-də və sionist rejimdə müharibə tərəfdarlarının seçkilərdə ağır məğlubiyyətə uğraması təcavüzkarlarla əməkdaşlığın onlar üçün hansı nəticələr doğurduğunu və bundan sonra da hansı nəticələrə gətirib çıxaracağını göstərir.

Ümid edirik ki, xalqın bu oyanışı və özünüdərki həmin ölkələrin məsul şəxslərinin ayılmasına səbəb olacaq, onlar hegemon ABŞ rejiminə, eləcə də saxta və uşaq qatili sionist rejiminə itaət və dəstək göstərməkdən əl çəkəcəklər.

10. Regionun bəzi ölkələrinin məhkəmələri tərəfindən həmin ölkələrin əhalisinə, xüsusilə gənclərinə və alimlərinə qarşı çıxarılan ədalətsiz hökmlər müsəlmanların qəlbini yaralamış və onların qəzəbinə səbəb olmuşdur.

Ekspertlər Məclisi müsəlmanların dini hüquqlarına, insan ləyaqətinə və din alimlərinin yüksək məqamına açıq-aşkar qəsd olan bu utancverici və ədalətsiz addımı qətiyyətlə pisləyir. Həmin ölkələrin rəhbərlərindən tələb edir ki, zalımların və hegemonların aqibətindən ibrət götürsünlər, İslam qardaşlığı prinsiplərinə uyğun olaraq, öz xalqlarına, xüsusilə xalqının və ölkəsinin xeyrini istəyən gənclərə və din alimlərinə qarşı çıxarılan ədalətsiz hökmləri ləğv etsinlər və regionda İslamın və müsəlmanların qatı düşmənləri qarşısında xalqlarının birliyini daha da gücləndirsinlər.

Sonda Allah-Taaladan İnqilabın Ali Məqamlı Rəhbərinə şərəf və ləyaqətlə dolu uzun ömür, xalqa və döyüşçülərə davamlı başucalığı və qələbələr, eləcə də məsul şəxslərə ölkəyə və xalqa xidmət sahəsində daha böyük uğurlar diləyirik. Ümid edirik ki, mövlamız həzrət İmam Zamanın (ə.f) pak duaları daim bu ümmətin, rəhbərinin və İslam İnqilabının üzərində olacaq. İnşallah!

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha